“Nottingem Forest” yeni hücumçu aldı, “Olimpiakos”a göndərdi

İngiltərənin “Nottingem Forest” klubu növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Bordo” klubunun hücumçusu Hvanq Ui-Jonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cənubi Koreyadan olan futbolçunun transferi İngiltərə klubuna 4 milyon avroya başa gəlib. 29 yaşlı forvard Premyer Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Lakin “Nottingem Forest” yeni hücumçusunu Yunanıstanın “Olimpiakos” klubuna icarəyə verib. Hansı ki, bu komanda Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Pirey təmsilçisi cənubi koreyalı forvardı mövsümün sonuna kimi icarəyə götürüb.

Hvanq Ui-Jo 2019-cu ildən “Bordo”nun uğurları üçün çalışırdı. O, bu komandada 98 oyuna çıxıb, 29 qola imza atıb. Hücumçu Cənubi Koreya yığmasında da 47 oyuna 16 qol vurub.

Yeri gəlmişkən, “Bordo” daha iki futbolçusu ilə yollarını ayırıb. Mərkəz müdafiəçisi Edson Mekser azad agent kimi Portuqaliyanın “Eştoril” klubuna keçib. Mozambikdən olan 33 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. O, 2019-cu ildən oynadığı “Bordo”da 143 oyun keçirib. Təcrübəli müdafiəçi daha öncə “Renn”, “Nasional”, “Olhanense”, “Desportivo Maputo” kimi klublarda da oynayıb.

Hücumçu Tibo Klidje ilə müqaviləyə isə qarşılıqlı razılıq əsasında xitam verilib. Toqodan olan 21 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir. Gənc forvard 2020-ci ildən formasını geyindiyi “Bordo”da əsas heyət üzvünə çevrilə bilməyib. O, Toqo millisində də 4 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: