“Göztəpə” heyətinə 6 yeni futbolçu – Novatus Miroşi, Malkom Bokele, Koray Günter, Nazim Sanqare, İsaak Solet və Ekrem Kılıçarslanı qatıb.
Arena.az xəbər verir ki, bu barədə yenidən Super Liqaya qayıtmış klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
İsaak Solet Bolqarıstanın “Slaviya” (Sofiya) klubundan qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Mərkəzi Afrika Respublikası yığmasının da üzvü olan 23 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisidir.

Koray Günter isə İtaliyanın “Verona” klubundan 1 illik icarəyə götürülüb. Türkiyə əsilli almaniyalı futbolçu mərkəz yarımmüdafiəçisidir. 30 yaşlı oyunçu daha öncə Türkiyədə “Qalatasaray” və “Fatih Karagümrük” klublarının da formasını geyinib.

Sonuncu klubu “Keçiörengücü” olan Ekrem Kılıçarslan “Göztəpə”yə azad agent kimi keçib. 26 yaşlı qapıçı İzmir klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Nazım Sanqare də “Fatih Karagümrük” klubundan azad agent kimi gəlib. 30 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 1+1 illik sözləşmə imzalayıb.

Malkom Bokele Fransanın “Bordo” klubundan transfer olunub. Kamerundan olan 24 yaşlı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.

Novatus Miroşi isə “Sulte Varegem”dən “Göztəpə”yə gəlib. 21 yaşlı sol cinah müdafiəçisi Türkiyə klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Göztəpə” bu ilin yanvarında Braziliyanın “Atletiko Paranaense” klubundan icarəyə götürdüyü hücumçu Romulo Kardozonun da icarə müddətini artırıb. İzmir klubu 22 yaşlı braziliyalını 2025-ci ilin 30 iyununa kimi heyətində saxlayacaq.

“Göztəpə” bir neçə futbolçusu ilə də yollarını ayırıb. İzmir klubu nigeriyalı sağ vingeri Kennet Mamanı 250 min avroya İspaniya “Kastelyon”una satıb. 26 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
İsveçli yarımmüdafiəçi Ramon Paskal Lundqvist “Göteborq”a keçib. 27 yaşlı futbolçunun transfer detalları açıqlanmır. O, İsveç klubu ilə 2027-ci ilin 31 dekabrına qədər anlaşıb.
Seneqallı hücumçu Mame Diuf da “Göztəpə”ni azad agent kimi tərk edib. 36 yaşlı forvard hazırda klubsuzdur və böyük ehtimalla karyerasını bitirəcək.
“Göztəpə”nin digər oyunçularından Yunus Emre Gedik və Tarkan Serbest “Kocaelispor”a keçiblər. Turqay Gemicibaşı da “Adanaspor”a üz tutub.


