Noyer: “Hər şey mövsümün sonunda karyeramı bitirəcəyimi işarə edir”

“Bayern”in əfsanəvi qapıçısı Manuel Noyer 2026/27 mövsümünün sonunda peşəkar futbolçu karyerasını başa vurmaq ehtimalından danışıb.

40 yaşlı qolkiper bildirib ki, hazırda bütün əlamətlər mövsümün sonunda futbolla vidalaşacağını göstərsə də, komandadakı mühit və yüksək səviyyə onu qərarını yenidən nəzərdən keçirməyə vadar edib:

“Meydana son oyunum olduğunu düşünərək çıxmıram. Amma hər şey həqiqətən də mövsümün sonunda karyeramı başa vuracağıma işarə edir. Yəqin ki, 85 faiz hallarda artıq karyeramı bitirərdim. Lakin bu komandada oynamaq, bu məşqçilər heyəti ilə işləmək böyük zövqdür. Bizim həmişə bütün titullar uğrunda mübarizə aparmaq imkanımız var.

Komanda ən yüksək səviyyədədir. Məhz buna görə də məndə qalan o 15 faiz dedi ki, “yox, mütləq davam etməliyəm”. Futbol mənə hələ də zövq verir. Hiss edirəm ki, komandaya fayda verməyə davam edə bilərəm. Üstəlik, ailəmin və dostlarımın tam dəstəyini hiss edirəm”, – deyə təcrübəli qolkiper “Bild” nəşrinə açıqlamasında bildirib.

Arena.az xatırladırki, Manuel Noyer 2011-ci ildən “Bayern”in formasını geyinir. O, Münhen klubunun heyətində 13 dəfə Almaniya Bundesliqasının, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Bu ilin may ayında təcrübəli qapıçı klubla müqaviləsini daha bir mövsüm uzadıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: