Nuno Tavares “Arsenal”ı “Latsio”ya birdəfəlik dəyişdi

İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Nuno Tavares London təmsilçisindən birdəfəlik ayrılaraq “Latsio”ya keçib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Latsio” ötən ilin yayında icarəyə götürdüyü Tavaresi birdəfəlik transfer edib. Paytaxt klubu bu keçid üçün ingilislərə 9 milyon avro ödəyib. Portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

25 yaşlı futbolçu ötən mövsüm “Latsio”da icarə əsasında çıxış edib. O, bu komandanın heyətində meydana çıxdığı 30 oyunda 9 məhsuldar ötürmə müəllifi olub.

“Benfika”nın yetirməsi olan Nuno Tavares “Arsenal”a 2021-ci ilin yayında 8 milyon avro qarşılığında keçmişdi. O, London klubunun əsas komandasında cəmi 28 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. Tavares daha öncə Marsel “Olimpik”ində və “Nottingem Forest”də də icarədə olub.

Portuqaliyanın U-18, U-19 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: