İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Şeffild Yunayted”i darmadağın (8:0) etmiş “Nyukasl” yeni rekord müəyyənləşdirib.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, oyun Premyer Liqa tarixində avtoqollar nəzərə alınmadan səkkiz fərqli oyunçunun qol vurduğu oyun kimi tarixə düşüb.
“Nyukasl” müvafiq rekorda Şon Lonqstaff, Den Börn, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimarayns və Aleksandr İsakın vurduğu qollarla nail olub.
Məğlubiyyət “Şeffild Yunayted”in də Premyer Liqa tarixində ən böyükhesablı məğlubiyyətidir. “Sağsağanlar” isə özlərinin Premyer Liqa rekordunu təkrarlayıblar. “Nyukasl” görünür, Şeffild təmsilçilərinin qənimidir. 1999-cu ilin sentyabrında “sağsağanlar” “Şeffild Uensdey”i eyni hesabla məğlub etmişdilər. Yeganə fərq isə “bayquşlar”ın “sağsağanlar”ın qonağı olmasında idi.
Hazırda 6 turdan sonra “Nyukasl” 9 xalla Premyer Liqada 8-ci pillədə qərarlaşıb. “Şeffild Yunayted” isə 1 xalla sonuncu – 20-ci pillədə “toz basır”.
Premyer Liqaya 6 oyundan mütləq nəticə – 18 xal toplamış Xosep Qvardiolanın “Mançester Siti”si liderlik edir.


