“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Avropa Liqasının pley-offunda Praqa “Sparta”sına rəqib olmalarına münasibət bildirib.
Arena.az xəbər verir ki, Türkiyə və Çexiya təmsilçiləri 1/8 finala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparacaqlar.
İstanbul nəhənginin çalışdırıcısı püşkatmanın nəticələrindən danışarkən bunları dilə gətirib:
“Bu günü çox həyəcanlı keçirdik. 8 namizəddən hansı komandanın seçiləcəyini bilmirdik. “Sparta” yaxşı komanda olduğu, qrupu 2-ci tamamladığı üçün burdadır. Ölkə çempionatında cəmi 2 heç-heçəsi və 1 məğlubiyyətləri var. Ev oyunlarında uduzmurlar. Tam bir komanda oyunu ortaya qoyurlar. Müdafiəni 3-lü şəkildə təşkil edirlər. Biz qrupda bir qayda olaraq 4-lü müdafiə ilə oynayan komandalara qarşı mübarizə apardıq. Türkiyədə 3 müdafiəçi ilə oynayan komandalar çox deyil. Bu üzdən bizim üçün də təcrübə olacaq”.
Okan Buruk pley-off oyunlarına qədər heyəti gücləndirməyə çalışacaqlarını da söyləyib:
“Bizim məqsədimiz komandamızı gücləndirməkdir. İlk oyunu evdə keçirəcəyik. Həmin oyunda yaxşı oynasaq, lehimizə olacaq. Əks halda işimizi çətinləşdirə bilərik. Daha yuxarılara getməyi düşünürük. Avropa Liqasına gəlməyimizin xeyirli olduğunu düşünürük. Həmişə finaldan danışırıq, hələ ki, bu bizim üçün xəyaldır. “Qalatasaray” həm Türkiyədə, həm də Avropada iddialı komandadır. Həm bizim, həm də “Fənərbaxça”nın Avropa yolu davam edir. Ümid edirəm ki, Türkiyə komandaları Avropadakı yollarına davam edəcəklər”.
Xatırladaq ki, “Qalatasaray”la Praqa “Sparta”sı arasındakı ilk oyun 2024-cü ilin fevral ayının 15-də İstanbulda keçiriləcək. Tərəflərin cavab qarşılaşması isə bir həftə sonra Praqada baş tutacaq.
Bahar Rüstəmzadə


