Okan Buruk “Qalatasaray”ın Avroliqa hədəfini açıqladı

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Avropa Liqasının pley-offunda “Sparta”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Türkiyə çempionu Avroliqanın 1/8 finalına vəsiqə uğrunda Çexiyanın “Sparta” (Praqa) komandası ilə mübarizə aparacaq.

Komandalar arasındakı ilk oyun bu gecə İstanbulda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Okan Buruk bu matçdan öncə təşkil olunmuş mətbuat konfransında rəqibi və komandasının bu oyuna hazırlığını belə dəyərləndirib:

“Doğma meydanımızda vacib matçımız var. Yolumuza qələbə qazanaraq davam etmək istəyirik. Çexiya çempionu ilə oynayacağıq. Onlar uzun fasilədən çıxıblar. Bunun üstünlük və ya çatışmazlıq olduğunu zaman göstərəcək. Biz 100 faiz hazırıq. Qələbə qazanmaq üçün hər şeyi etmək istəyirik. Cavab görüşünə üstünlüklə çıxmağı planlaşdırırıq. Səbr lazımdır, çünki yaxşı komanda ilə oynayacağıq. Futbolçularıma güvənirəm”.

Buruk, bu mövsüm kuboklar qazanmaq istədiklərini bəyan edib:

“Bizim işimiz komanda oyunudur. Sükan başında olsam da, əməkdaşlarımız və rəhbərliyimizlə birlikdə bir performans nümayiş etdiririk. Əsas məqsədimiz “Qalatasaray”ın uğurudur. Son ilyarım ərzində getdikcə inkişaf edirik. Bu il qarşımızda Super Liqanı, Türkiyə Kubokunu, Türkiyə Super Kubokunu və Avropa Liqasını qazanmaq hədəfi var. Uğur üçün bu birliyə ehtiyacımız var. Futbolçularımla meydanda mübarizə aparmağa çalışıram. Birliyə nail olmaq üçün təsirli oyun yaratmalıyıq. Burada uğur qazanıb “Qalatasaray” gerbini kubokla taclandırmaq istəyik. “Qalatasaray” burada həmişə qalibdir.

“Sparta”nı ilk oyundan sonra daha yaxşı tanıyacağıq. İstənilən halda, asan rəqib yoxdur. Güclü komandaya qarşı oynayacağıq. Bu matça əhəmiyyət veririk. Məqsədimiz ilk oyunda qələbə qazanmaqdır. “Qalatasaray” azarkeşlərini sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: