Okan Buruk “Qalatasaray”la tarix yazmağa davam edir

Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Okan Buruk İstanbul təmsilçisinin “sükanı arxasında” tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, ötən mövsüm bu komandaya Türkiyə çempionluğunu qazandırmış mütəxəssis qələbə faizi ilə də diqqət çəkməyə nail olub.

Belə ki, Buruk “Qalatasaray”a rəhbərlik etdiyi gündən bəri Türkiyə çempionatında oynadığı 50 matçın 40-da qalib gəlib. Onun komandası qalan 10 oyundan yarısını heç-heçə, qalan yarısını da məğlubiyyətlə başa vurub.

Bu göstərici ilə bir çox usta məşqçiləri geridə qoyan və uğurlu nəticələri hər keçən gün daha da artıran “Qalatasaray”ın baş məşqçisi, “sarı-qırmızılar”ın başında 80 faizlik qələbə qazanıb. Buruk orta hesabla 3 xaldan 2,5 xal toplayıb.

Okan Burukun avrokuboklardakı göstəricisi də pis deyil. Onun komandası 11 oyundan 6 qələbə, 3 heç-heçə ilə ayrılıb, 2 oyunda isə məğlubiyyətlə üzləşib. Türkiyə nəhənginin hər iki məğlubiyyəti Almaniya çempionu “Bayern”lə oyunlara təsadüf edib.

Xatırladaq ki, Okan Buruk 2022-ci ilin iyun ayından “Qalatasaray”a rəhbərlik edir. 50 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 64 oyuna çıxarıb. Bu görüşlərdə 48 qələbə qazanmış “aslanlar” 8 heç-heçə ediblər, 8 məğlubiyyətə üzülüblər. Burukun “Qalatasaray”dakı ümumi xal ortalaması da diqqət çəkir – 2,38 xal.

Okan Buruklu “Qalatasaray” bu mövsüm də uğurlu çıxışını davam etdirir. İstanbul təmsilçisi 14 oyuna topladığı 37 xalla ikinci pillədə qərarlaşıb. Komanda eyni xala malik lider “Fənərbaxça”dan yalnız top fərqinə görə geri qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: