Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”un yarımmüdafiəçisi Olivye Kemen bu klub müqaviləsinə birtərəfli qaydada xitam verib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat paylaşıb.
Kamerundan olan 27 yaşlı futbolçunun müqaviləsinə birtərəfli qaydada xitam verdiyi diqqətə çatdırılıb. Bunun səbəbləri barədə isə məlumat verilməyib. Türkiyə mətbuatı isə bunun maliyyə problemlərindən qaynaqlandığını yazır. İddiaya görə, Kemen aylardır Kayseri klubundan məvacibini ala bilmədiyi üçün müqaviləsinə xitam vermək məcburiyyətində qalıb. Onun klubdan FİFA və UEFA-ya şikayət ünvanlaması da istisna edilmir.
Karyerasına Fransanın “Mets” klubunda başlamış Olivye Kemen, “Nyukasl”, “Olimpik” (Lion), “Ayaçço”, “Nyor” kimi klubların formalarını tərlətdikdən sonra 2021-ci ildə Türkiyə təmsilçisinə transfer olmuşdu. O, “Kayserispor”da bütövlükdə 72 oyuna çıxıb. Yarımmüdafiəçi bu oyunlarda 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Kemen Kamerun yığmasında da 4 oyun keçirib və 1 qola imza atıb.
Nihad Əsədov


