Türkiyənin “Başakşəhər” klubu sağ cinah müdafiəçisi Ömər Ali Şahinər ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb. Sağ cinah vingeri kimi də oynamağı bacaran oyunçunun əvvəlki sözləşməsi 2023-cü ilin yayına kimi idi.
Ömər Ali Şahinər 2021-ci ilin yanvar ayında 1 milyon avro qarşılığında “Konyaspor”dan “Başakşəhər”ə transfer olunub. O, bu komandanın heyətində 53 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçunun karyerası demək olar ki, “Konyaspor”la bağlıdır. Peşəkar karyerasına “Konya Şəkərspor”da başlamış Ömər, 2012-2021-ci illər aralığında da “Konyaspor”un formasını geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə cəmi bir matça çıxıb.


