Omar Kolli “Beşiktaş”a keçdi – “Sampdoriya”da 2 türk futbolçu

Futbol üzrə Qambiya milli komandasının və İtaliyanın “Sampdoriya” klubunun müdafiəçisi Omar Kolli Türkiyənin “Beşiktaş” komandasına keçib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi ilə 2.5 + 1 illik müqavilə imzalanıb. “Beşiktaş” bu transfer üçün İtaliya klubuna 2.3 milyon avro ödəyib.

Omar Kolli 2018-ci ilin iyul ayından “Sampdoriya”da forma geyinirdi. Müdafiəçi həmin vaxt Belçikanın “Genk” klubundan 9.25 milyon avro qarşılığında transfer olunduğu A Seriyası təmsilçisində 136 matça çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, “Genk”, “Yurqorden”, “KuPS”, “Real” (Banjul) və “Uollidan” kimi klubların da formasını geyinib. Müdafiəçi Qambiya yığmasında da 41 oyun keçirib.

“Sampdoriya” hücumçusu Ernesto Torreqrosanı da “Piza”ya satıb. Klub bu keçiddən də 1.8 milyon avro qazanıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Ernesto Torreqrossa 2021-ci ilin yanvarından oynadığı “Sampdoriya”da cəmi 18 matça çıxıb və 1 qol vurub. O, ötən ilin yanvarından “Piza”da icarədə idi. İtaliyada dünyaya göz açsa da, Venesuela yığmasında 2 oyun keçirmiş forvard, “Verona”, “Sirakuza”, “Montsa”, “Komo”, “Lumetsane”, “Krotone”, “Trapani”, “Breşiya” kimi klubların da formasını geyinib.

“Sampdoriya” yarımmüdafiəçisi Ronaldo Vieyranı da “Torino”ya icarəyə verib. Turin klubu 24 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. O, 2018-ci ildə yetirməsi olduğu “Lids”dən 7.1 milyon avro qarşılığında “Sampdoriya”ya keçmişdi. Yarımmüdafiəçi İtaliya klubunda 76 oyuna çıxıb və cəmi 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Lids”dən başqa “Verona”nın da uğurları üçün çalışıb. Qvineya Bisaudan olan futbolçu 2017-2019-cu illər aralığında İngiltərənin U-20 və U-21 yığmalarında da oynayıb.

“Sampdoriya” Braziliyadan olan mərkəz müdafiəçisi Kayke Roşa ilə də yollarını ayırıb. 21 yaşlı futbolçu azad agent statusu alaraq ölkəsinin “Atletiko Paranaense” klubuna keçib. O, yeni klubu ilə 2026-cı ilin 31 dekabrına kimi anlaşıb. “Sampdoriya”ın əsas komandasında cəmi 1 matç keçirmiş “Santos”un yetirməsi, ölkəsində “İnternasional”ın da formasını geyinib.

“Sampdoriya”da iki türk futbolçu

“Sampdoriya” heyətinə 3 yeni futbolçu da cəlb edib. Belə ki, sözügedən klub “Verona”dan Koray Günteri, “Torino”dan Emirhan İlkhanı, “Venetsiya”dan isə Mikael Kyuizansı icarəyə götürüb. Hər üç futbolçu bu mövsümün sonuna kimi Genuya klubunda forma geyinəcək.

Klub digər iki oyunçudan fərqli, Koray Günterin satınalma şərti ilə heyətə cəlb olunduğunu da açıqlayıb. Almaniyada dünyaya göz açmış müdafiəçi bu ölkənin U-17, U-18 və U-19 yığmalarında, buna qədər isə Türkiyənin U-16 yığmasında forma geyinib. Dortmund “Borussiya”sının yetirməsi 2020-ci ildən “Verona”da çıxış edirdi. 28 yaşlı futbolçu “Qalatasaray” və “Cenoa”nın da formasını geyinib.

Türkiyənin “Beşiktaş” klubunun yetirməsi olan Emirhan İlkhan “Torino”ya 2022-ci ilin yayında İstanbul təmsilçisindən 4.5 milyon avro qarşılığında keçib. Ölkəsinin U-21 yığmasına da dəvət alan 18 yaşlı futbolçu İtaliya klubunda cəmi 4 matça çıxıb.

Mikael Kyuizans isə “Venetsiya”ya 2022-ci ilin yanvarında Almaniyanın “Bayern” klubundan 4 milyon avro qarşılığında keçmişdi. Fransadan olan 23 yaşlı yarımmüdafiəçi bu komandada 26 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Borussiya” (Mönhenqladbax), “Olimpik” (Marsel) və “Bayern” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: