İspaniyanın “Barselona” klubunun dayaq yarımmüdafiəçisi Oriol Romeu Kataloniya təmsilçisindən ayrılaraq “Jirona”ya keçib.
Arena.az bu barədə “Jirona”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub sabiq oyunçusunu icarə müqaviləsi əsasında öz düşərgəsinə qatıb.
Bir mövsümə nəzərdə tutulmuş müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Oriol Romeu futbola “Espanyol”da qədəm qoyub. Buradan “Barselona”nın akademiyasına yol tapmış “dayaqçı” karyerası ərzində “Çelsi”, “Valensiya”, “Ştutqart”, “Sauthempton” və “Jirona”da çıxış edib.
“Barselona” Romeunu 2023-cü ilin iyulunda 3,4 milyon avro məbləğ müqabilində “Jirona”dan tamhüquqlu əsasda heyətinə qatmışdı. Oriolun Kataloniya nəhəngi ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Romeu “blauqrana”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Oriol Romeu İspaniyanın U-17, U-19, U-20, U-21, U-23 və Olimpiya yığmasına cəlb edilsə də, əsas yığmaya dəvət almayıb.
Oriol Romeunun qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya çempionluğu və İspaniya Super Kuboku, həmçinin “Çelsi” ilə qazandığı İngiltərə Kuboku və Çempionlar Liqası var.
“Transfermarkt” internet-portalı 32 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


