Futbol üzrə Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı bəlli olub. Arena.az xəbər verir ki, həlledici matçda Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş “Sent Etyen”lə Liqa 2-dən gələn “Oser” komandaları üz-üzə gəlib.
“Oser”in meydanında baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Bu gün “Sent Etyen”in meydanında keçirilən cavab görüşündə də oxşar hesab qeydə alınıb. Penalti seriyasında 5:4 hesabıyla üstün olan “Oser” elitaya yüksəlib. PSJ ilə birgə Fransanın ən çox çempion olan komandası “Sent Etyen” isə Liqa 2-yə düşüb.
“Sent Etyen” 2003/04 mövsümündən bəri ilk dəfə Liqa 2-də mübarizə aparmalı olacaq. Bu komandanın elita ilə vidalaşması azarkeşlər tərəfindən böyük etirazla qarşılanıb. Belə ki, “Oser”lə matç bitəndən sonra tərəfdarlar meydana axışıblar. Xatırladaq ki, “Sent Etyen” Fransanın ən çox ölkə çempionu olan iki klubundan biridir. Həm PSJ, həm də bu klubun hərəyə 10 çempionluğu var.
Daha öncə Liqa 2-nin qalibi “Tuluza” və ikinci pilləni tutan “Ayaçço” da elitaya yüksəlmişdi. “Oser” isə mövsümü üçüncü pillədə başa vurmuşdu. Pley-offda daha öncə 4-cü olan “Paris”lə 5-ci yeri tutmuş “Soşo” komandaları qarşılaşıb. Həmin oyunda “Soşo” 2:1 hesabıyla qalib gələrək “Oser”lə qarşılaşmaq hüququ əldə edib. “Oser” isə “Soşo”nu 1:0 hesabıyla yenib və “Sent Etyen”lə oynamaq hüququ qazanıb.
Xatırladaq ki, “Sent Etyen”dən öncə Liqa 1-də mövsümü 19 və 20-ci pillələrdə başa vurmuş “Mets” və “Bordo” də elita ilə vidalaşmışdı.



