Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulmuşdular.
Bu gün bu çəki dərəcələri üzrə medal görüşləri baş tutub.
Turan Bayramov (74 kq) ötən gün Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) tam üstünlüklə mübarizədən kənarlaşdırmışdı. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin keçən qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılaraq yarımfinala yüksəlmişdi. Finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla bacarmayan (1:5) Bayramov bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla güləşib. Bu gün baş tutan və gərgin mübarizə şəraitində keçən qarşılaşma yerli publikanın sevimlisinin 6:4 hesablı qələbəsiylə başa çatıb. Turan Olimpiadaya lisenziya uğrunda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidislə güləşib. İlk hissəni 8:0 öndə tamamlayan həmyerlimiz ikinci hissədə məğlubiyyətdən qaça bilməyib – 8:9.
Orxan Abbasov (79 kq) ötən gün debütdə iranlı İman Mahdavini məyus etmişdi – 6:3. Abasov daha sonra ermənistanlı Arman Avaqyana “tuş”la qalib gələrək 1/4 finala yüksəlmişdi. Orxan amerikalı Çandler Marstellerə də gücünü göstərərək 9:3 hesablı qələbəylə adını yarımfinala yazdırmışdı. Ancaq debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olan güləşçimiz ümidini bürünc medala bağlamışdı. Bu gün iranlı Məhəmməd Noxodilarimiyə müqavimət göstərə bilməyən Abbasov da medalsız qalıb – 0:10.
Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov (92 kq) isə ukraynalı Denis Sahalyuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olmuşdu – 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımamışdı – 10:0. Nurməhəmmədov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşıb. Bu gün baş tutan və dramatik keçən final görüşündə rəqibinə 2:5 hesabıyla məğlub olan Osman gümüş medalla kifayətlənib.


