Oto Con daha bir il “Turan Tovuz”da!

Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz” hücumçusu Oto Con ilə bağlı qərarını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2023/2024-cü illər mövsümündə 10 qolla komandanın ən sərrast futbolçusu olan nigeriyalı hücumçu ilə yeni müqavilə imzalanıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 1 ildir. O, 2024/2025-ci illər mövsümünün sonunadək Tovuz klubunun uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Oto Con “Turan Tovuz”a 2023-cü ilin iyul ayında cəlb olunub. 26 yaşlı forvard bu klubun heyətində bütövlükdə 37 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Nigeriyalı hücumçu daha öncə “Dukagini” (33 oyun, 9 qol, 3 məhsuldar ötürmə), “Priştina” (74 oyun, 33 qol, 7 assist), “Skenderbeu” (50 oyun, 7 qol, 5 assist) və “Trepça” (26 oyun, 21 qol) kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Turan Tovuz” Oto Condan öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov və Sadiq Quliyevlə də yeni müqavilə bağlamışdı.

Tovuz klubu Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”) və Aydın Bayramovla (“Zirə”) da yollarını ayırıb. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasmov isə yenidən Tovuz təmsilçisinin düşərgəsinə qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: