Ozan Can Kökçü Finlandiya çempionatında debüt etdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 20-ci turu çərçivəsində bu gün “Ekenas”la üz-üzə gəlib.

Helsinki klubu səfərdə baş tutan bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Ozan bu görüşə start heyətdə başlayıb. O, 66-cı dəqiqədə – hesab 1:0 olarkən əvəzlənib.

Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı ilk oyunu kimi əlamətdar olub.

HJK 20 turdan sonra topladığı 37 xalla 2-ci pillədə qərarlaşıb. “Ekenas” isə 12 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində yer alır.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində hələlik 3 oyun keçirib, fərqlənə bilməyib. Futbolçumuzun əvvəlki oyunları Avropa Konfrans Liqasına təsadüf edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: