Ozan Can Kökçü PSV-yə qarşı 29 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 14-cü turunda lider PSV ilə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan bu görüşün 61-ci dəqiqəsində meydana buraxılıb.

“Volendam” 14 turdan sonra 14 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 13-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: