Özan Can Kökçü rəsmən “Volendam”da!

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Özan Can Kökçü bundan sonra karyerasını Niderlandda davam etdirəcək.

Arena.az xəbər verir ki, bir müddət öncə Finlandiyanın HJK klubundan ayrılan millimizin futbolçusu azad agent kimi Niderlandın “Volendam” klubuna keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu elitaya bu mövsüm vəsiqə qazanmış yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Ozan Can Kökçü 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. O, həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: