Ozan Can Kökçü sonuncu turda da oynamadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın ötən gecə keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turunda “Telstar”la qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Volendam” 34 oyuna topladığı 32 xalla 18 iştirakçı arasında 16-cı yeri tutub. Ozan bu oyunların 28-də iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Volendam”ı elitada qalmaq üçün pley-off oyunları gözləyir.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: