“Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmer azarkeşlərin rəyincə cari mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Peşəkar Futbol Assosiasiyasının mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatına istinadən bildirir.
Bu mükafatla ilk dəfə 2019/2020-ci illər mövsümünün sonunda “Liverpul”un ingilis sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold təltif edilib. Beləliklə, Koul Palmer “Çelsi” tarixində müvafiq mükafatı qazanmış ilk oyunçu olub.
Xatırladaq ki, buna qədər gənc futbolçu İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilmiş, ardınca mövsmün ən yaxşı gənc oyunçusu mükafatını qazanmış və mövsmün ən səmərəli futolçusu olmuşdu.
Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 25 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


