“Palmeyras” Braziliya çempionatının 23-cü turunun “San-Paulu” ilə oyunundan (2:1) sonra komandaya oyunsonrası şərh verməyi qadağan edib.
Arena.az məlumat verir ki, müvafiq məlumat “Palmeyras”ın rəsmi hesablarında xüsusi bəyanat şəklində dərc edilib:
“Oyundan sonra baş vermiş və daha bir fəlakətli hakimliyin ağırlaşdırdığı kədərli səhnələrin, həmçinin meydanda başlayan düşmənçilik mühitinin öz hüdudlarından kənara yayılmaması üçün “Palmeyras” rəhbərliyi qərara gəlib ki, komandanın məşqçisi və idmançıları bu bazar günü müsahibə verməyəcəklər. Klub təəssüf edir ki, daha bir mühüm klassik qələbə idmanın bütövlüyü və dəyərlərinə uyğun gəlməyən mövzuların kölgəsində qaldı”, – klubun bəyanatında deyilir.
Xatırladaq ki, oyundan sonra tribunaların yaxınlığında komandaların nümayəndələri arasında kiçik “söz atışması” baş verib. Ardınca böyük biabrıçılığa çevrilməkdə olan iğtişaşın qarşısı vaxtında önlənib.
Vurğulayaq ki, San-Paulu ştatının iki nəhəngi arasında oyunlar həmişə müvafiq gərginliklə müşahidə edilir.
23 turdan sonra Braziliya A Seriyasının yarış cədvəlinə 46 xalla “Botafoqo” başçılıq edir. 22 oyundan 45 xal toplamış “Fortaleza” mümkün lider qismində 2-ci pillədə qərarlaşıb.
“Palmeyras” 41 xalla 3-cü, “San-Paulu” isə 38 xalla 6-cı pillədə yer alıb.


