Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün avarçəkmə yarışlarına start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan idmançısı Diana Dımçenko da Olimpiadada ilk sınağına çıxıb.
2000 metr məsafəyə fərdi yarışda çıxış edən idmançımız təsnifat mərhələsində mübarizə aparıb. Beşinci qrupdakı 5 iştirakçı arasında 3-cü yeri tutan Diana bununla 1/4 finala adlayıb. O, məsafəni 7:52.53 dəqiqəyə qət edib.
Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final iyulun 29-dan avqustun 1-dək keçiriləcək.
Bütövlükdə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.