“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Konfrans Liqasında “Aris”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan komandaları Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ötən gün cavab görüşünə çıxıblar.
Bakıdakı görüşdə rəqibini 2:1 hesabıyla məğlub etmiş “Araz-Naxçıvan” Salonikidə baş tutmuş cavab matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb və növbəti mərhələyə vəsiqə qazanıb.
Patrik Andrade klubun rəsmi saytına açıqlamasında komandasının bu uğuruna belə şərh verib:
“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik.
Qırmızı vərəqə epizoduna gəldikdə, İqor Ribeyro komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır.
Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”, deyə Patrik Andrade vurğulayıb.


