Patris Evra: “Aleks Ferqyuson indi məşqçi işləsəydi…”

“Mançester Yunayted”in fransalı keçmiş müdafiəçisi Patris Evra klubun əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonla bağlı xatirəsini paylaşıb.

Arena.az məlumat verir ki, Evra şotland mütəxəssis haqda müvafiq xatirəsini “SDS podcast” podkastında dilə gətirib.

Patris Evra, Ser Alekslə “qırmızı şeytanlar”ın ingiltərəli keçmiş hücumçusu Denni Uelbek arasındakı “tufanı” xatırlayıb:

“Əgər Ser Aleks Ferqyuson indi çalışdırsaydı, onu çoxdan tutub “içəri” basmışdılar. Bilirsinizmi, mən onun “fitil” qoymasından və buts atmasından sonra neçə futbolçunun ahu-zarla göz yaşları tökdüyünü görmüşəm? O, şiddətli dərəcədə sərtdir.

Uelbekin başına gəlmiş hadisəni xatırlayıram. Bu, yoxlama oyunu idi – biz Səudiyyə Ərəbistanında oynayırdıq. Bizim lehimizə penalti təyin edildi, “Uazza” (Ueyn Runi, “qırmızı şeytanalar”ın keçmiş ingilis hücumçusu – redaktorun qeydi) topu Uelbekə verdi, Denni boş çıxdı. Elə, biz də məğlub olduq, amma bu, sadəcə olaraq bir yoxlama oyunu idi. Bu, hardasa 45 dəqiqə davam etmişdi.
Biz paltardəyişmə otağına keçəndə Ferqyusonun nəriltisini eşitdik: “Uelbek, Uelbek!”.

O, Uelbeki axtarırdı, mən xatırlayıram ki, onda biz Uelbeklə ayaqyolunda idik. “Ferqi” bu vaxt səsini başına atıb qışqırırdı: “Sən özünü, içini (“yağlı” söyüş), kim hesab edirsən?! Sən əsas komandaya təzəcə gəlib “cip-cip” edirsən, penalti vurmağı öhdənə götürürsən?! Heç vaxt, (“yağlı” söyüş), bunu bir də təkrarlama!”.

Onda, mən onu sakitləşdirməyə çalışdım, o isə sözümü ağzımda kəsdi: “Mənim filanıma da deyil (“yağlı” söyüşlə ifadə) ki, bu, yoxlama oyunudur, elə, sən də bunu bir daha təkrarlamayacaqsan”, deyə Patris Evra xatırlayıb.

Xatırladaq ki, əksər futbol təhlilçiləri Ser Aleks Ferqyusonun məhz sərt və tələbkar idarəçiliyi sayəsində futbol zirvələrini fəth edə bildiyi qənaətində həmrəydirlər.

Şotland mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddətdə “qırmızı şeytanlar” 13 dəfə İngiltərə çempionu olublar. Həmçinin “Mançester Yunayted” 5 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 10 dəfə İngiltərə Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də Avropa Kuboklar Kubokunu, UEFA Super Kubokunu, Qitələrarası Kuboku və FIFA Klub Dünya Kubokunu qazanıb. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” top fərqi 2804:1395 nisbəti mənzərəsində 1499 oyun keçiriblər, 902 qələbə, 326 heç-heçə, 271 məğlubiyyət yaşayıblar.

Ferqyuson “Mançester Yunayted”in sükanı arxasında iki dəfə (1998, 2007) dünyanın ən yaxşı məşqçisi seçilib.

Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra “Mançester Yunayted” bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: