“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi “blauqrana”nın keçmiş baş məşqçisi, ispan mütəxəsssis Xaviyə ehtiramını bildirib.
Arena.az Kubarsinin müvafiq xüsusda sözlərini təqdim edir:
“Mən, göstərdiyi etimada görə Xaviyə həmişə minnətdar olacağam. Məhz o mənə birinci komandada oynamaq imkanı verdi”, deyə Kubarsi vurğulayıb.
Mərkəz müdafiəçisi olan Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə 2029-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 38 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə fərqlənib. Gənc oyunçunun “Barselona” karyerası ümumilikdə 62 oyun və 4 məhsuldar ötürmədən ibarətdir.
Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsudlar ötürmə verib.
Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
Xaviyə gəlincə, ispan mütəxəssis “Barselona”dan 2024-cü ilin may ayının 24-də istefaya göndərilib. Onu “blauqrana”nın sükanı arxasında alman mütəxəssis Hans-Diter Flik əvəz edib.
“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətində olub.
2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.


