İtaliya A Seriyasında mübarizə aparan “Milan” komandasının portuqaliyalı baş məşqçisi Paulo Fonseka vəzifəsindən istefa verib.
Arena.az xəbər verir ki, bu barədə Milanın eyniadlı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fonseka İtaliya A Seriyasının 18-ci turunda doğma meydanda qarşılaşdıqları “Roma” ilə matçdan (1:1) sonra klubdan ayrılıb:
“Bu, doğrudur, mən “Milan”dan getmişəm. Həyat belədir. Əlimdən gələni etdiyim üçün vicdanım təmizdir”, – “Football Italia” nəşri Fonsekadan sitat gətirir.
“Milan”ın rəsmi bəyanatında isə deyilir:
“Milan”, Fonsekanın kişilərdən ibarət əsas komandanın baş məşqçisi vəzifəsindən azad edildiyini bəyan edir. Klub Pauloya yüksək peşəkarlığına görə təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayır”, – “rossoneri”nin mətbuat xidməti klub saytı üzərindən paylaşıb.
İtaliya mətbuatının yazdığına görə, artıq Fonsekanı əvəz edəcək mütəxəssis də böyük ölçüdə bəllidir. Belə ki, portuqaliyalı mütəxəssisi bu postda həmyerlisi Serjio Konseysao əvəzləyəcək. Hazırda tərəflər arasında danışıqlar davam edir. Bu təyinatın tezliklə açıqlanması gözlənilir.
Xatırladaq ki, Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”a rəhbərlik edirdi. O, İtaliya klubunu bütövlükdə 24 oyuna çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Milan” İtaliya A Seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.
Fonsekanın “Milan”dan öncəki sonuncu iş yeri “Lill” olmuşdu. Portuqal mütəxəssis “itlər”in başına 2022-ci ilin iyul ayında keçmişd və 2024-cü ilin iyun ayının əvvəlində fransız klubundan ayrılmışdı.
Məşqçilik fəaliyyəti ərzində Paulo Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.


