Pavle Marçinkoviç rəsmən “Sabah”da!

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlığını davam etdirən “Sabah” Xorvatiya millisinin üzvü Pavle Marçinkoviç ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə basketbol üzrə Azərbaycan çempionu olmuş paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Dəfələrlə Xorvatiya millisinin kapitanı olan Pavle Marçinkoviç universallığı ilə seçilir. Təcrübəli basketbolçu karyerası ərzində Xorvatiya, Bolqarsıtan və Kipr klublarında çıxış edib.

Son olaraq Xorvatiyanın “Cedevita Junior” klubunda forma geyinən Marçinkoviç karyerası ərzində 3 dəfə Xorvatiya çempionu olub, 1 dəfə Xorvatiya Kubokunu qazanıb.

Yeri gəlmişkən, ötən mövsüm “bayquşlar”ın ölkə çempionluğunda önəmli pay sahiblərindən olan Kaelin Kreynlə də yeni müqavilə imzalanıb. 2022-ci ildən bu komandanın sıralarında olan amerikalı basketbolçu ilə müqavilənin müddəti uzadılıb. Yeni müqaviləyə əsasən o, qarşıdakı mövsümün sonuna kimi “Sabah”ın uğurları üçün çalışmağa davam edəcək.

Azərbaycan çempionu daha öncə amerikalı basketbolçular Kivon Devonport və Mayk Holton, həmçinin Endər Poladxanlı və Şirzad Şirzadovu da heyətinə qatmışdı. Onlarla da 1 illik müqavilə imzalanmışdı. Əlikamran Məmmədov və Rüstəm Əliyevlə də müqavilənin müddəti qarşıdakı mövsümün sonuna qədər uzadılmışdı.

Sonda onu da bildirək ki, “Sabah”ın basketbol komandası bu mövsüm FİBA Avropa Kubokunda iştirak edəcək. Azərbaycan çempionunun bu turnirin təsnifat mərhələsindəki rəqibləri də məlumdur. Püşkə əsasən, “Sabah” A qrupunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: