“Barselona”nın yarımmüdafiəçisi Pedri, Bilbao “Atletik”indən ispaniyalı vinger Niko Uilyamsın “blauqrana”ya mümkün keçidi haqda danışıb.
Arena.az Pedrinin bu barədə fikrini təqdim edir:
“Niko Uilyams transfer ediləcəkmi? Bu suala cavabım yoxdur. Aydın olan odur ki, o, “Barselona” üçün əla qazanc olardı. Avropa çempionatında onun nəyə qadir olduğunu gördük”, deyə Pedri vurğulayıb.
Qeyd edək ki, “Barselona” uzun müddətdir Niko Uilyamsın transferi üçün çalışır. İspaniya mətbuatının yaydığı son məlumatlara görə, Katalnoya klubu Niko Uilyamsı transfer etmək üçün əvvəllər aldığı 100 milyon avro məbləğində kreditdən istifadə etməli olacaq. Məsələ burasındadır ki, “Barselona”nın ispan hücumçu müqabilində 58 milyon avro məbləğində təzminat ödəməyə maliyyə imkanları yoxdur.
Öz növbəsində, “Atletik” Uilyams müqabilində transfer məbləğini bir neçə ödənişə bölmək istəmir.
Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan bu klubun əsas komandasında çıxış edir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib. O, bu oyunlarda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Sol vinger İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın titulları sırasında 2023/2024 mövsümündə “Atletik”lə qazandığı İspaniya Kuboku da var.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 70 milyon avro məbləğində qiymətləndirir.


