Fransa yığmasının keçmiş üzvü Emmanuel Peti “Barselona”nın cari mövsümdə Çempionlar Liqasını qazanmayacağını iddia edib.
Arena.az xəbər verir ki, veteran futbolçu bunun səbəbini belə izah edib:
“UEFA Çempionlar Liqasını belə müdafiəçilərlə qazamaq olarmı? Heç bir halda! Bu, mümkünsüzdür. Onlar bir ucdan qollar “yeyirlər”. “Barselona”nın hücumu yaxşıdır, müdafiəsi isə heç…”, deyə Peti vurğulayıb.
Yeri gəlmişkən, “Barselona”nın idman direktoru Deku bildirib ki, klubun gənc oyunçuların xidmətindən istifadə etməsi, heç də maliyyə imkanlarının aşağı olmasından qaynaqlanmır:
“Biz gənc oyunçuları ona görə istifadə edirik ki, onlar kifayət qədər yaxşıdırlar. Kifayət qədər yaxşı olmadıqda, “Barselona” üçün çıxış edə bilməzsən”, deyə Deku vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 5 oyuna 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 12:10. İspaniya çempionu 7 xalla “Napoli” və “Qarabağ”la birgə 18-20-ci pillələri bölüşdürür.


