Məşhur britaniyalı jurnalist, “Arsenal”ın çılğın azarkeşi Pirs Morqan “Napoli”nin hücumçusu Viktor Osimheni “topçular”a qoşulmağa səsələyib.
Arena.az məlumat verir ki, nigeriyalı mərkəz hücumçusunun son vaxtlar klub rəhbərliyi ilə yaşadığı hörmətsiz münaqişəyə cavab olaraq, Morqan özünün X şəbəkə hesabı üzərindən Osimhenə səslənib:
“Viktor Osimhen, özünə belə dəhşətli rəftarla barışma – əvəzində “Arsenal”a keç”, – Morqan yazıb.
Xatırladaq ki, daha əvvəl Neapol klubunun sosial şəbəkələrində nigeriyalı hücumçu ilə bağlı yumoristik videonun yayılmasına görə, Osimhen və “Napoli” arasında münaqişə yaşandığı məlum olub. Osimhenin təmsilçisi “Napoli”nin mətbuat xidməti tərəfindən ictimailəşdirilmiş, sonradan gecikmə ilə silinmiş videonun “TikTok” şəbəkəsində yayımlanmasının yolverilməz olduğunu bəyan etmişdi. Həmçinin nigeriyalı ulduzun təmsilçisi müvafiq hadisəyə görə simasına xələl gətirilməsini əsas tutuaraq, Osimhenin “Napoli”ni məhkəməyə vermək hüququna malik olduğunu vurğulamışdı. Sonradan tərəflər arasında hadisəyə dair ortax məxrəc əldə edildiyi məlum olub.
Vurğulayaq ki, Pirs Morqan “Arsenal”ın köhnə və sadiq azarkeşidir. Hazırda ABŞ-da çalışan jurnalist uzun illər “Britain’s Got Talent” və “America’s Got Talent” televiziya layihələrində münsif olub. 2014-2021-ci illərdə Süzanna Ridlə birlikdə “Good Morning Britain” verilişinin əsas aparıcısı olub. Morqan Böyük Britaniyada “The Sun”, “News of the World” və “The Daily Mirror” nəşrlərində jurnalist və redaktor kimi çalışıb. Morqan səkkiz kitab, o cümlədən üç cildlik memuarın müəllifidir.
Morqan mütəmadi olaraq futbolun meydanda və meydandan kənarda baş verən hadisələrinin, ələlxüsus eybəcərliklərin, məntiqsizliklərin, yolverilməzliklərin satirik tənqidi, sarkazmla qınaması ilə məşhurdur. Britaniyalı jurnalist “Arsenal”ın əzəli rəqiblərinin uğursuzluğu halında onların satira ilə sancması ilə mütəmadi olaraq gündəmə gəlir.


