“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın Premyer Liqanın 28-ci turunda evdə “Nyukasl” üzərində qələbəsini (3:2) şərh edib.
Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu, futboldur: bəzən zövq alırsan, bəzən əzab çəkirsən. Biz əntiqə oyunçulara malik çox yaxşı komanda ilə oynadıq, həqiqətən çətin idi. “Çelsi” qazandı, ən vacibi üç xaldır, irəliləyirik.
Hücum dəstəsi oyunçularına özlərini inamlı hiss etmələri və qol vurmaqla oyunlarda qalib gələ biləcəyimizi bilmələri vacibdir. Amma baş verməməli olan səhvlərdən sonra iki qol buraxdığımız üçün azacıq məyus oldum. Ancaq beləcə daha yetkinləşirik – təpki verməyə və irəliləməyə davam edirik”, deyə Poçettino ilhamla danışıb.
Hazırda “Çelsi” 27 oyundan 39 xalla Premyer Liqanın yarış cədvəlinin 11-ci pilləsində, “Nyukasl” isə 28 oyundan 40 xalla 10-cu pilləsində qərarlaşıb. Premyer Liqada “Arsenal” və “Liverpul” 64 xalla şərikli liderliyi sürdürürlər.
Vurğulayaq ki, bu oyunda məğlub olmamaqla, “Çelsi” cari 2023/2024 mövsümündə ilk dəfə olaraq ardıcıl 4 oyundan məğlubiyyətsiz ayrılıb. Buna qədər “Poç”un zadəganları “Mançester Siti” ilə (1:1) və “Brentford”la (2:2) heç-heçə oynayıblar, “Kristal Pelas”ı isə məlub ediblər (3:1).
“Çelsi”nin növbəti oyunu səfərdə Premyer Liqanın lideri “Arsenal”la olacaq. “Emireyts” stadionunda keçiriləcək oyun martın 16-da, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


