32 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba keçmiş klubu “Yuventus”dan gördüyü sayğısızlığa narazılığını bildirib.
Arena.az “La Gazzetta dello Sport” nəşrinin TF1 dərgisinə istinadı əsasında məlumat verir ki, Poqba dopinqdən istifadə etməsi ittihamı ilə üzləşib futboldan kənarlaşdırıldıqdan sonra, “Qoca sinoyra”dan gördüyü münasibəti açıqlayıb:
“Mən “Yuventus”da kömək istədim – “dırnaq” arasında. Məsələn o haqda ki, əgər mən komandanın bir hissəsiyəmsə, məni massaj etsinlər və ya fiziki hazırlıq üzrə məşqçi təqdim etsinlər. Mənim buna hüququm vardı.
Gəlin, belə deyək: məni dəstəkləmədilər, bu isə məni sarsıtdı. Mən niyə belə olduğunu başa düşmürdüm. Mən fikirləşirdim ki, dopinq əleyhinə agentliklə mübarizə aparıram, “Yuventus”la yox”, deyə Poqba məyusluqla vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvar ayında məşqlərə qayıtmaq hüququna malik idi, mart ayından etibarən isə Poqba futbola qayıda bilərdi ki, bu, artıq məlum olduğu kimi, baş verdi. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.
Əlavə edək ki, ötən ilin noyabr ayının 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib və fransalı futbolçu azad agentə çevrilib. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşünə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
Əlavə edək ki, son vaxtlar mətbuat Poqbanın “Monako”ya keçəcəyi ilə bağlı xəbərlər paylaşır.


