Poqba ilə bağlı üzücü xəbər – 2-ci dopinq-test də müsbət çıxdı

Dopinq qəbulunda ittiham edilən “Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba diskvalifikasiya oluna bilər.

Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, Poqbanın təkrar testosteron testi müsbət nəticə verib.

Xatırladaq ki, daha əvvəl ilk dopinq-testi müsbət nəticə vermiş fransalı yarımmüdafiəçinin təkrar testinin müsbət nəticəsinin təsdiqlənəcəyi halda, Poqbanın 2 ildən 4 ilədək müddətə diskvalifikasiya oluna biləcəyi bildirilirdi. Hazırda “Yuventus”un Poqba ilə müqaviləsini vaxtından əvvəl ləğv etmək seçimlərini nəzərdən keçirəcəyi deyilir.

Kütləvi informasiya vasitələrində futbolçunun öz müdafiəsini antidopinq qaydalarının pozulmasına dair “məlumatsızlıq” anlayışı və istehlak edilən məhsulun qadağan olunmuş xassələrini “bilməmək” anlayışı üzərində qurmaq niyyətində olduğu barədə də məlumatlar yayılıb. Bu arada, “Yuventus”un müştərək müqavilənin müvafiq bəndini rəhbər tutaraq, futbolçunun maaşının ödənilməsini dayandırmağa hazır olduğu bildirilir.

Fransız yarımmüdafiəçi “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: