“Portu” və Serjio Konseysao əməkdaşlığa gözlənilmədən xitam veriblər və portuqal mütəxəssis “əjdahalar”ın sükanı arxasından gedib.
Arena.az bu barədə “Portu”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl mətbuatda, portuqal mütəxəssisə Marsel “Olimpik”inin əsaslı maraq göstərdiyi haqda məlumat yayılmışdı.
Konseysao cari ilin aprel ayında “Portu” ilə müqaviləsinin müddətini 2028-ci ilin iyun ayının sonuna qədər uzatmışdı. Odur ki, portuqal mütəxəssisin “əjdahalar”la yollanı ayırması gözlənilməz bir qərar kimi qiymətləndirilir.
Serjio Konseysao “Portu”nu 2017-ci ilin iyul ayından çalışdırırdı. Həmin vaxtdan 49 yaşlı mütəxəssisin rəhbərliyi altında “əjdahalar” 377 oyuna çıxıblar, 272 qələbə qazanıblar, 50 heç-heçə ediblər, 55 oyunda məğlub olublar. Topların fərqi isə 822:327 nisbətindədir.
Serjio “Portu”ya 3 dəfə Portuqaliya Premyer Liqasını, 4 dəfə Portuqaliya Kubokunu, 1 dəfə Portuqaliya Liqa Kubokunu və 3 dəfə Potuqaliya Super Kubokunu qazandırıb.
Vurğulayaq ki, “Portu”ya gəldikdən sonra Konseysao klub tarixində ən çox mükafat qazanmış məşqçi və “əjdahalar”ın sükanı arxasında ən çox qələbə qazanmış mütəxəssis olub.
Serjio Konseysao “Portu”ya yad bir şəxs deyil. Serjio məhz “Portu”nun yetirməsidir və futbolçu karyerası ərzində “əjdahalar”ın heyətində püxtələşərək, Portuqaliya yığmasına yol tapıb. Konseysao Portuqaliya yığmasının heyətində 2000-ci il Avropa çempionatının qrup mərhələsi oyununda Avropa çempionu adını daşıyan Almaniya yığmasının qapısına vurduğu üç qolla məşhurlaşıb.
“Əjdahalar”ı portuqal mütəxəssisin rəhbərliyi aldında 2023/2024-cü illər mövsümü Portuqaliya Premyer Liqasını 72 xalla 3-cü pilədə bürünc mükafatçı olaraq başa vurublar.
Növbəti mövsümdə “Portu” Avropa Liqasında mübarizə aparacaq.


