“Real”ın monteneqrolu keçmiş hücumçusu və sabiq idman direktoru Predraq Miyatoviç braziliyalı hücumçu Vinisius Juniordan söhbət açıb.
Arena.az “Bild” dərgisinə istinadən məlumat verir ki, Miyatoviç “qaymaqlılar”ın ulduzu “Vini”nin qol məhsurdarlığının cari mövsümdə azalmasının səbəbini, “Real”a fransalı ulduz hücumçu Kilian Mbappenin gəlişi ilə əsaslandırıb:
“Mbappenin gəlişi ilə Vinisius onlardan kimin daha yaxşı olduğunu göstərməyə sanki qorxur. Görünür, məqsəd, “Real” azarkeşlərini burada ən yaxşı oyunçunun kim olmasına inandırmaqdan ibarətdir. Bu, ona gətirib çıxarıb ki, cari mövsümdə o, ondan gözlənilən kimi çıxış etmir. Bu, nəzərə çarpır”, deyə Predraq Miyatoviç vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 43 oyuna çıxıb, 19 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 308 oyun, 104 qol, 82 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


