Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 34-cü turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, turun qapanış matçı Sumqayıtda baş tutacaq.
Burada elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” artıq gümüş medalları və Avropa Konfrans Liqasına vəsiqəni təmin etmiş “Sabah”la üz-üzə gələcək.
Əslində bu oyun mayın 14-də keçirilməli idi. Lakin “Sabah” mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyənin “Beşiktaş” komandası ilə yoxlama oyununda üz-üzə gəldiyi üçün, “Sumqayıt”la qarşılaşmanın bir qədər ertələnməsini xahiş etmişdi. Peşəkar Futbol Liqası da paytaxt klubunun bu istəyini və sumqayıtlıların razılığını əsas götürərək, Premyer Liqa matçını mayın 17-nə təyin etmişdi.
Xatırladaq ki, bu iki komanda indiyə qədər ölkə çempionatında 18 dəfə üz-üzə gəlib. Bu oyunların 6-da “Sumqayıt”, 9-da “Sabah” qalib gəlibsə, 3 qarşılaşmada da qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var – 33:19. “Sumqayıt” 6 oyundur bu rəqibinə qalib gələ bilmir. “Sabah” isə sumqayıtlılarla son üç qarşılaşmada ardıcıl böyük hesablı qələbələrə sevinib.
Cari mövsümdə keçirdiyi 33 oyunda 24 qələbə qazanıb, 5 heç-heçə edən və 4 dəfə məğlub olmuş “Sabah” hazırda 77 xalla 2-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 28 xalla 8-ci sıradadır. Bu komandada əvvəlki 33 oyunda cəmi 7 qələbə qazanıb, eyni sayda da heç-heçə edib, 19 qarşılaşmadan əliboş ayrılıb.
Azərbaycan Premyer Liqası
34-cü tur
17 may
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”.
34-cü turun daha öncə baş tutan oyunlarında qeydə alınmış nəticələr isə belə olub:
“Zirə” – “Kəpəz” 1:1
“Qəbələ” – “Turan Tovuz” 1:2
“Səbail” – “Qarabağ” 0:3
“Neftçi” – “Şamaxı” 1:1