Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq.
Əslində bu oyunlardan biri ötən gün keçirilmişdi. Lakin “Turan Tovuz”la “Araz-Naxçıvan” arasındakı oyun Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin güclü külək nəticəsində qırılaraq meydana aşması səbəbindən yarıda qalmışdı. Bu oyun bu gün qaldığı yerdən – 81-ci dəqiqədən etibarən eyni məkanda davam etdiriləcək. Qarşılaşma durdurulan anda meydan sahibləri 2:1 hesabıyla öndə idilər.
“Neftçi” ilin son matçında “Kəpəz”i qəbul edəcək. Əzəli rəqiblər indiyə qədər 56 oyunda üz-üzə gəliblər. Bu oyunlarda Bakı klubu 27, Gəncə klubu 19 dəfə qələbə sevinci yaşayıb. 10 oyunda isə sülh qeydə alınıb. “Kəpəz” son 3 qarşılaşmada qol vurub. “Neftçi” son üç ev matçını qolsuz tərk etməyib.
Nəhayət, turun və ilin son matçı “Zirə” ilə “Qarabağ” arasında baş tutacaq. Tərəflərin əvvəlki 32 oyununda “Zirə” cəmi 1 dəfə qələbə sevinci yaşaya bilib. Qalan oyunlardan 11-i heç-heçə bitibsə, 20 oyunda Ağdam klubu qələbə qazanıb. “Zirə” evdə bu rəqibi üzərində heç vaxt qələbə qazanmayıb. “Qarabağ” son üç səfərdə qalib gəlib.
Premyer Liqa
18-ci tur
22 dekabr
“Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev, 45+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu. 16:00.
23 dekabr
“Sumqayıt” – “Səbail” 1:0
Qol: Adi Mehremiç, 70-öz qapısına.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena”. 18:30.
24 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:1 (oyun yarıda qalıb)
Qollar: Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16 – İsmail Azzaui, 58-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübarizə Hüseynov.
Tovuz şəhər stadionu. 12:00.
“Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi Arena”. 16:00.
“Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.


