“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda “Tvente”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, səfərdə 1:0 hesablı qələbəyə sevinmiş Azərbaycan təmsilçisi doğma meydanda 1:4 hesabı ilə məğlub olaraq avorkuboklarda mübarizəni dayandırıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz var idi, amma meydanda mübarizə aparan bir kollektiv gördüm. Çatışmazlıqlarımız oldu. Heç olmasa Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Azarkeşlər möhtəşəm ab-hava yaratdılar.
Hücumda rotasiyalar edə bilmirdik. Halbuki, belə bir komandaya qarşı hücumda daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır.
Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklər zəruridir. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək. Amma Avropa təcrübəsi də artıq olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət və əlavə təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və ümid edirəm ki, bu dəyişikliklər yaxşıya doğrudur. Futbol hər il inkişaf edir və komanda formalaşdırmaq, rəqiblərlə bərabər səviyyədə oynamaq üçün biz daha da inkişaf etməliyik”.
Qurban Qurbanov transferlərdə gecikdiklərini etiraf edib və bunun uğursuzluqdakı payını gizlətməyib:
“Gecikdik. Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Əldə etdiyimizi tez bir zamanda etdik. Bu gün açıqlanmış transferlər heç olmasa 10 gün əvvəl həll olunsaydı, faydası ola bilərdi. Alınmadı… Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik.
Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etməliyəm, yaxşı heyət formalaşdırıblar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçular optimal formaya çatacaqlar”.


