“Qarabağ” üçün 2 gecikmiş transfer! – Rəsmi

Avropa Konfrans Liqası ilə vidalaşmış “Qarabağ” eyni gündə heyətinə 2 yeni futbolçunu – Taofik İsmahil ilə Reda Xadranı qatıb.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Ağdam komandasına keçib. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

Norveçdə “Şeyd”, “Fredrikstad”, “Valerenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış etmiş hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Nigeriyalı futbolçu “Lex”də də forma geyinib.

Almaniyalı vinger Reda Xadranın transferi ilə də bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam klubunda 10 nömrəli formanı geyinəcək.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birmingem”, “Seffild Yunayted” və “Bləkbörn”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçmiş futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, bu iki oyunçu “Qarabağ”ın bu yay transfer pəncərəsində 9-cu və 10-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis də Ağdam klubuna qoşulmuşdular. Amma heyətdə bu qədər ciddi dəyişiklərin edilməsi, bəzi transferlərin isə xeyli gecikməsi komandaya baha başa gəldi. Böyük ehtimalla heyətdə bu qədər köklü dəyişiklər edilməsəydi, uzun illərdir avrokubokların qrup və liqa mərhələsində iştirak edən “Qarabağ” 2026/2027-ci illər mövsümündə mübarizəni belə erkən dayandırmayacaqdı. Necə deyərlər, özü yıxılan ağlamaz…

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: