Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Azərsun Arena”da təşkil olunacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” yeni mövsümə “Araz-Naxçıvan” üzərindəki 4:1 hesablı səfər qələbəsi ilə başlamışdı. “Kəpəz” isə ilk turda səfərdə “Sumqayıt”a 0:2 hesabıyla uduzmuşdu. Elə bu komandaların oyununda da Ağdam klubu aşkar favorit hesab olunur.
Ümumiyyətlə, “Qarabağ” və “Kəpəz” indiyə qədər Azərbaycan çempionatının yüksək dəstəsində 57 oyunda qarşılaşıblar. Bu oyunlarda ağdamlılar 32, gəncəlilər 14 qələbəyə seviniblər. Qalan 11 oyunda isə qalib müəyyənləşməyib. Topların fərqində də “Qarabağ”ın ciddi üstünlüyü var – 91:61 .
“Qarabağ” ölkə çempionatı çərçivəsində 32 oyundur “Kəpəz”ə uduzmur. Son 7 matçda hər iki komanda qol vurub.
2-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək. Belə ki, sabah “Araz-Naxçıvan” “Şamaxı”nı, “Səbail” isə “Neftçi”ni qəbul edəcək. “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Zirə” matçları da bazar gününə təsadüf edəcək.
Premyer Liqa
2-ci tur
9 avqust
“Qarabağ” – “Kəpəz”
Bakı. “Azərsun Arena”, 20:00.
10 avqust
“Araz-Naxçıvan” – “Şamaxı”
Mərdəkan. “Dalğa Arena”, 18:45.
“Səbail” – “Neftçi”
“Bayıl Arena”, 21:00.
11 avqust
“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:45.
“Sabah” – “Zirə”
“Masazır Arena”, 21:00.


