Premyer Liqa: Mövsümdə ilk, “Neftçi” üçün 150-ci

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Arena.az xəbər verir ki, 2-ci turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəliblər.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıblar.

Qeyd edək ki, “Neftçi” Premyer Liqa çərçivəsində ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.

Paytaxt təmsilçisi 2026/2027-ci illər mövsümünə uğurlu start verib. Ardıcıl iki qələbə qazanmış “ağ-qaralar” hazırda çempionatın yarış cədvəlində 6 xalla zirvədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: