Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 12-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə oyununda lider “Arsenal” doğma meydanda əsas izləyicisi “Mançester Siti” ilə üz-üzə gəlib.
Bu oyundan öncə London təmsilçisi 51 xalla vahid lider idisə, “Mançester Siti”nin 48 xalı vardı. Amma “şəhərlilər” çətin səfərdən qələbə ilə dönməklə zirvəni ələ keçiriblər. Dörd qolun qeydə alındığı matç qonaq komandanın 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Bu nəticədən sonra “Mançester Siti”nin də xalı 51-ə çatıb. Nəticədə bu komanda əlavə göstəricilərə görə zirvəyə yüksəlib. “Arsenal” isə ikinci pilləyə düşüb. Amma “topçular”ın ehtiyatda daha bir təxirə salınmış oyunu var. Üçüncü pillədəki “Mançester Yunayted”in isə 46 xalı var.
İngiltərə Premyer Liqası
12-ci turun oyunu
15 fevral
Arsenal – Mançester Siti 1:3
Qol: Saka, 42-pen – De Bruyne, 24. Qriliş, 72. Haland, 82.


