Prezident başda olmaqla PSJ Neymarla duyğusalcasına vidalaşdı

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi başda olmaqla, Fransa nəhəngi komandanın sabiq hücumçusu Neymarla duğysalcasına vidalaşıb.

Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən məlumat verir.

PSJ-nin prezidenti braziliyalı superulduzun Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidinə öz münasibətini açıqlamaqla yanaşı, Fransa nəhənginin heyətində çıxış etdiyi illər müqabilində Neymara təşəkkürünü bildirib:

“Dünyanın ən yaxşı futbolçularından biri, Neymar kimi müstəsna oyunçu ilə vidalaşmaq həmişə çətindir. Mən onun PSJ-yə gəldiyi günü və həmçinin son altı ildə klubumuza və layihəmizə bəxş etdiklərini heç vaxt unutmayacağam. Biz birlikdə böyük anlar yaşadıq və Neymar həmişə tariximizin bir parçası olaraq qalacaq. Neymar və ailəsinə təşəkkür etmək istəyirəm. Biz Neymara gələcəkdə, həmçinin onun növbəti macərasında ən yaxşısını arzulayırıq”, deyə Əl-Xelaifi bildirib.

Klub prezidentinin ardınca PSJ özünün rəsmi “Twitter” hesabı üzərindən sabiq braziliyalı superulduzuna vida sözlərini ünvanlayıb:

“Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçmək üçün PSJ-dən ayrılır. Fransanın paytaxtında altı il ərzində braziliyalı klubun tarixində öz izini qoydu. PSJ Neymara – bizim klubumuzun əfsanəsinə təşəkkür edir”.

PSJ-nin satışa çıxardığı italyan mərkəz müdafiəçisi Marko Verratti isə Neymara öz adından ürək sözlərini ayrıca olaraq, sosial şəbəkələr üzərindən ünvanlayıb:

“Demək istəyirəm ki, bütün bu illər ərzində səninlə eyni komandada olmaq inanılmaz idi. Sənə yeni komandada və yeni çempionatda uğurlar arzulayıram. Sən xüsusi bir insansan, dostum”.

Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçib. O zaman PSJ braziliyalı superulduzun transferi müqabilində 222 milyon avro məbləğində xərc çəkib və bu, hələ də dünya futbol tarixinin ən bahalı transferi olaraq qalır. Neymar PSJ-nin heyətində ümumilikdə 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə verib. Neymar parislilərlə 5 dəfə Fransa çempionluğunu, 3 dəfə Fransa Kubokunu qazanıb, həmçinin 1 dəfə Çempionlar Liqasının finalçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: