Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Arena.az xəbər verir ki, sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək güləşçilər arasında Bolqarıstanda keçirilmiş Avropa çempionatının iştirakçılarını qəbul etmişdi.
Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb. Güləşçilərimiz Bolqarıstanda ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. Daha bir ilk isə ümumi nəticəylə bağlıdır. Belə ki, Plovdivdə 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edən Azərbaycan ölkələrin ümumi sıralamasında 1-ci yeri tutub. Gürcüstan (6-5-4) ikinci, Türkiyə (4-4-12) isə üçüncü olub.


