Prezident İlham Əliyev bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Arena.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.
Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. 22 sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb. Arenanın ərazisi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.














