Prokurorluq FIFA prezidenti Canni İnfantinoya qarşı işi bağladı

İsveçrə prokurorluğu Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya qarşı məhkəmə işini dayandırıb.

Arena.az bu barədə FIFA-nı mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, FIFA prezidenti ilə bağlı istintaq 2020-ci ilin yayından davam edirdi. Məmur, o vaxt İsveçrənin federal prokuroru vəzifəsində çalışmış Maykl Lauberlə görüşlərinə görə vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə, rəsmi sirləri pozmaqda və cinayət təqibinə mane olmaqda ittiham edilirdi.

“Bu, mənim, yeni FIFA və ədalət üçün tam və aydın qələbədir! İndi bəlli olur ki, mənə qarşı irəli sürülmüş ittihamlar yazıq, paxıl və rüşvətxorların mənim nüfuzuma xələl gətirmək cəhdlərindən başqa bir şey deyildi. Bu adamların ləyaqəti qalıbsa, heç olmasa bir qədər ədəb-ərkan göstərib, etdiklərinə, vurduğu ziyana görə üzr istəməlidirlər. İstintaq həqiqətən tam və birmənalı şəkildə təsdiq edir ki, mən həmişə qanuni və düzgün fəaliyyət göstərmişəm. Həmişə yalnız FIFA və futbolun maraqlarını müdafiə etmişəm”, deyə İnfantino bildirib.