PSJ-də şot itki – Neymar üçün mövsüm erkən bitdi

Futbol üzrə Braziliya milli komandasının və Fransanın PSJ klubunun hücumçusu Neymar üçün 2022/23 mövsümü erkən başa çatıb. Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı futbolçunun son dövrlərdə dabanındakı zədələrlə əlaqədar müzakirələr aparılıb. Yekunda ulduz oyunçu ilə bağlı riskə getməmək və onun əməliyyat olunması ilə bağlı qərar qəbul olunub. Əməliyyatın yaxın günlərin birində Qətərin paytaxtı Dohada baş tutacağı bildirilib. Futbolçunun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı diqqətə çatdırılıb. Bu isə Neymarın cari mövsümün qalan hissəsində oynaya bilməyəcəyi anlamına gəlir. Ulduz futbolçu ən yaxşı halda növbəti mövsümdən yaşıl meydanlara çıxa biləcək.

Xatırladaq ki, Neymar sonuncu dəfə fevralın 20-də zədə almışdı. O, Liqa 1-in 24-cü turu çərçivəsində baş tutan “Lill” ilə ev oyununun 51-ci dəqiqəsində topuğundan aldığı zədə səbəbindən Huqo Ekitike ilə əvəzlənmək məcburiyyətində qalmışdı. Braziliyalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Daha öncə “Santos” və “Barselona”da oynamış Neymar 2017-ci ildən PSJ-nin uğurları üçün çalışır. Braziliya millisində 124 oyuna 77 qol vurmuş futbolçu Paris təmsilçisində də 173 oyunda 118 qol vurub, 77 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: