Fransa Kubokunun yarımfinalında “Renn”i qəbul edərək 1:0 hesablı qələbə qazanmış PSJ üçün bu oyun ikiqat əlamətdar olub.
Arena.az məlumat verir ki, qələbə sayəsində yarışın finalına çıxmaqla yanaşı, PSJ Fransa Kubokunun finalına ən çox vəsiqə qazanmış komanda olub.
Paris klubu 20-ci dəfə Fransa Kubokunun finalında oynayacaq. Buna qədər Fransa nəhəngi bu rekordu Marsel “Olimpik”i ilə bölüşürdü (19 dəfə).
Xatırladaq ki, cari Fransa Kubokunun ilk finalçısı doğma meydanda “Valensyen”i 3:0 hesabı ilə məğlub etmiş Lion “Olimpik”i olub.
Final oyunu mayın 25-də “Pyer-Marua” stadionunda (Vilnöv-d’Ask, Fransa) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


