PSJ Juan Neveşi heyətinə qatdı – 70 milyonluq transfer!

PSJ portuqal dayaq yarımmüdafiəçisi Juan Neveşi “Benfika”dan tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.

Keçid Fransa nəhənginə 70 milyon avro məbləğində başa gəlib. PSJ bunun 60 milyon avro məbləğini sabit, 10 milyon avro məbləğini isə əlavə üstəliklər qismində “Benfika”nın xəzinəsinə köçürəcək.

Juan Neveş PSJ-yə keçidini şərh edib:

“Çox iddialı bir klub olan “Pari Sen-Jermen”ə qoşulmaqdan çox qürur duyuram. Komanda yoldaşlarıma kömək etmək, bu fantastik klubda tərəqqi etmək və çoxlu qənimətlə qazanmaq üçün əlimdən gələni edəcəyəm”, – Paris təmsilçisinin mətbuat xidməti Neveşdən sitat gətirir.

Dayaq yarımmüdafiəçisi Juan Neveş “Benfika”nın yetirməsidir. “Dayaqçı” “qartallar”ın uşaq komandasından əsas komandaya qədər bütün yolu keçib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Juan Neveş “Benfika”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Neveşin “qartallar”ın heyətində çxışının ümumi mənzərəsi isə belədir: 75 oyun, 4 qol, 3 məhsuldar ötürmə.

Juan Neveş 2023-cü ilin oktyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

“Benfika” Beste və Sançesi heyətinə qatdı

Neveşi satan “Benfika” da Almaniyanın “Haydenhaym” klubunun sol cinah oyunçusu Yan-Niklas Besteni heyətinə qatıb. Portuqaliya klubu bu keçidə görə Bundesliqa təmsilçisinə 8 milyon avro ödəyib. 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Yan-Niklas Beste Dortmund “Borussiya”sının yetirməsidir. “Verder”, “Emmen”, “Yan Regensburq” kimi klublarda da oynamış alman futbolçu 2022-ci ildən formasını geyindiyi “Haydenhaym”da 68 oyuna çıxıb, 20 qol və 28 assistlə yadda qalıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Benfika” PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renato Sançesi də icarəyə götürüb. Portuqaliya Sançesi satınalma şərti ilə heyətinə qatıb.

Renato Sançes PSJ-yə 2022-ci ilin avqust ayında Fransanın digər klubu “Lill”dən 15 milyon avro qarşılığında keçib. 25 yaşlı futbolçu Paris təmsilçisində 27 oyun keçirib, 2 qola imza atıb. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Roma”da keçirib. O, daha öncə “Bayern”, “Benfika”, “Suonsi Siti” kimi klubların da formasını geyinib. Renato Portuqaliya millisində də 32 oyun keçirib, 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: