PSJ Neymarın “Barselona”ya keçidinə razılıq verdi

Fransa çempionu PSJ komandanın braziliyalı hücumçusu Neymarın İspaniyanın “Barselona” klubuna transferinə razılıq verib.

Arena.az bu barədə “Sport” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Fransa nəhəngi müqavilənin baş tutması üçün Kataloniya klubu ilə danışıqlarda çeviklik nümayiş etdirməyə hazırdır.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı ulduzun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman PSJ Neymarı heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkmişdi.

Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, parislilərin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə verib və Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl PSJ rəhbərliyinin klubun digər ulduzu, fransalı hücumçu Kilian Mbappeyə məktub ünvanlayaraq, klubu azad agent qismində tərk edəcəyi halda baş verəcək hadisələrin nəticəsini təsvir etdiyi haqda məlumat verilmişdi.

PSJ-nin ulduz futbolçuları ilə bağlı müvafiq qəti addımlarının ilk növbədə klubdaxili ab-havanı, komandadakı sağlam mühiti qorumağa hesablandığı vurğulanır. Komandanın yeni baş məşqçisi Luis Enrikenin ancaq bu şərt daxilində komandanı yenidən, hətta ulduzlarsız rəqabətə davamlı mübariz kollektivə çevirməyə çalışacağı deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: